Aprel 7, 2020

24 fevral xəbərlər buraxılışı

AZƏRBAYCAN ORDUSU ŞƏHİD VERİB Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib. Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata görə, fevralın 24-də saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb. Ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

*** Müsəlman sərnişinləri hədəf alan irqçi mesajlar paylaşan “Ryanair”in CEO-su O”Leary-ə ilk sərt reaksiya İstanbul Hava Limanının rəhbəri Kadri Samsunludan gəlib. Samsunlu, “Ryanair Türkiyə daxil, müsəlman ölkələrə niyə uçur?” cavabını verib. Belə ki, “Ryanair”in CEO-su müsəlman kişilərini terror qaynağı adlandırıb və hava limanlarında təhlükə yaratdığını söyləyib. Buna cavab olaraq isə, Samsunlu Hanaudakı 4-ü türk vətəndaşı olmaqla, 9 nəfərin qətlinə səbəb olanın qeyri-müsəlman terrorçusu olduğunu nümunə gətirib. *** Bəhreyn, Küveyt və Əfqanıstan da daxil olmaqla, adı çəkilən üç ölkədə koronavirusa yoluxma halları aşkarlanıb. Belə ki, Bəhreyndə koronavirusa ilk yoluxma halı İrandan gəlmiş vətəndaşda qeydə alınıb. Küveytdə isə 3 nəfərin koronavirusa yoluxması faktı aşkarlanıb. Onlardan biri İrandan gəlmiş Səudiyyə Ərəbistanı vətəndaşıdır. Eyni zamanda, Əfqanıstanda da koronavirus hadisəsinin qeydə alındığına dair məlumat yayılıb. *** Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq dünəndən koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb. Qeyd olunan məlumatda bildirilir ki, dezinfeksiya və profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq, sərhəd keçid məntəqəsi bütün giriş-çıxışa qadağa qoyub. Bu gün isə Dövlət Sərhəd Xidmətinin Rəisi, general-polkovnik Elçin Quliyev Biləsuvar sərhəd keçid məntəqəsinə baş çəkib.


Digər xəbərlər