May 12, 2020

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirilib

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 may tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirilib və daha bir yeni kateqoriya əlavə olunub.

MİDA-dan bildirilib ki, “ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs” adlı mövcud kateqoriya genişləndirilərək “ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxsləri” əhatə edəcək. Müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə – yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 12.14-cü bəndinə əsasən ümumi təhsil müəssisələrinin aşağıdakı növləri var:

• ibtidai ümumtəhsil məktəbi;

• ümumi orta ümumtəhsil məktəbi;

• tam orta ümumtəhsil məktəbi;

• lisey;

• gimnaziya;

• ümumtəhsil internat məktəbi;

• inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;

• inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;

• xüsusi məktəb;

• xüsusi internat məktəbi;

• inteqrasiya təlimli internat tipli gimnaziya;

• valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi;

• digər məktəblər.

Bununla yanaşı, yeni – “ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs” kateqoriyası da əlavə olunub. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılıb, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib. Sənədlərin siyahısı ilə “www.mida.gov.az” və “www.mida.gov.az/mmc/” internet saytlarının əsas səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Hər iki yeni kateqoriyaya aid şəxslər bu il mayın 12-dən etibarən Elektron İmza və ya “ASAN İmza”dan istifadə edərək “Elektron hökumət” portalında (“www.e-gov.az”) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər. “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan şəxslər mənzillərin seçimi zamanı daha öncə elektron kabinetə sahib olmuş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108” Çağrı mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.


Digər xəbərlər


İyulun 15-də respublika üzrə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. B...

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin sentyabr müqaviləsinin ...

Bu ərazilərdə iyul ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə...

Azərbaycanda iki zavod özəlləşdirilməyə çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqram...

Əlillik təyin edilən zaman ötürülən vaxta görə də pensiya hesablanacaq

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə nəticəsində əlillik yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil ...

İyunun 23-ü bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək

İyunun 23-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial ...

Xaricdən məhsul sifariş verənlərin nəzərinə: Bağlamaların bəyan edilməsi artıq daha asan olub

2021-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən yaradılan “Smart Customs” tətbiqi öz fəaliyyəti...

Pensiyalar bu tarixə qədər tam ödəniləcək

İyunun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. B...