May 25, 2020

Sovet işğalına qarşı baş vermiş Gəncə üsyanının 100 ili tamam olur

Sovet işğalına qarşı 1920-ci ilin mayın 25-də başladılan Gəncədəki xalq üsyanının ildönümüdür.

Kanal8 xəbər verir ki, üsyanın məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq idi.

Bu üsyan XX əsrdə Azərbaycanın işğal edilməsinə qarşı baş vermiş ən böyük və ən çox itkiyə səbəb olmuş üsyandır. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi.

Üsyanın təşkilində başlıca olaraq, Azərbaycan ordusunun 1-ci piyada diviziyası, 3-cü Gəncə alayının şəhərdə olan bölmələri, 3-cü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, qaçaq Qasım Kolaxani, qaçaq Mikayıl və başqaları da öz silahlıları ilə birlikdə Gəncə üsyanında iştirak edirdilər. Üsyan etmiş orduya ətraf kəndlərin də ordusu qoşuldu. Onların sayı 10 min nəfərdən çox idi.

Üsyan ərəfəsində şəhərin daxilində və ətrafında XI Qırmızı Ordunun XX atıcı diviziyasının hissələri mövqe tutmuşdu. Diviziyanın 178-ci və 180-ci atıcı alayları şəhərin erməni məhəlləsində, 3-cü briqadanın rabitə taboru və komendant bölməsi isə şəhərin azərbaycanlılar yaşayan məhəlləsində idi. 40-cı süvari briqadası Zurnabad kəndinin ətrafında dayanmışdı. Mayın 25-də Taman süvari briqadasının II alayı da Gəncəyə gətirildi

Mayın 25-dən 26-na keçən gecə başlanan üsyanda üsyançılar qısa müddətdə şəhərin mühüm obyektlərini, azərbaycanlılar məhəlləsindəki qırmızı qoşun hissələrini nəzarət altına götürdülər. Hərbi anbar, şəhər həbsxanası, dəmir yolu stansiyası, fövqəladə komissarlığın binası da ələ keçirildi. Mayın 28-də Gəncə üsyanının rəhbərləri və şəhər ictimaiyyəti dairə məhkəməsinin binasına toplaşıb, Azərbaycanın istiqlaliyyətinin elan olunmasının iki illiyini qeyd edirlər.

Mayın 29-da bolşeviklərin üsyançılar üzərinə hücumu uğursuzluqla başa çatdı. Bir neçə istiqamətdən həyata keçirilən hücumda bolşevik qüvvələri qarşıya qoyduqları vəzifəni yerinə yetirə bilmədilər. Əksinə, üsyançıların əkshücumları bolşevik qüvvələrini ağır vəziyyətə saldı. Daha sonra XI Qırmızı Ordu komandanlığı Gəncəyə əlavə qüvvələr gətirdi. Mayın 30-da növbəti döyüşlər başlamazdan əvvəl 11-ci Qırmızı ordunun Gəncədə 5 piyada alayı, 6 süvari alayı, 7 əlahiddə hissə və dəstələri, 57 ədəd topu və 2 zirehli avtomobili var idi. Bu qüvvələrin çoxu şəhərin şimalında yerləşdirildi və mayın 31-də əsas hücum buradan başladı. Şəhəri tərk etmək imkanları olmayan üsyançılar, habelə dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə güllələndilər. Üsyan yatırıldıqdan sonra general-mayor Məhəmməd Mirzə Qacar, Qaçaq Qəmbər, hüquqşünas İsmayıl xan Ziyadxanov, ədəbiyyatçı Firidun bəy Köçərli, mühəndis Abuzər bəy Rzayev və müəllim Mirzə Abbas Abbaszadə kimi şəxsiyyətlərlə yanaşı Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi.

Gəncə üsyanından bəhs edərkən Cümhuriyyət lideri Məhəmməd Əmin Rəsulzadə belə qeyd edirdi:

“İxtilaldan bir ay sonra artıq bütün Azərbaycan, məmləkətinin müdhiş bir istilaya məruz qaldığını acı bir surətdə dərk eyləmişdi. Türkiyəyə gediyor – deyə təhəmmül eylədiyi rus ordusunu məmləkətində fəsad iqa etməklə bir davam görüncə, sevgili ordusunun, kəndisinə hər yürüşü ilə dünyalar qədər ruh və izzətinəfs edən bu gənc əsgərlərin mürəttəb bir surətdə dağıldığını, münəvvəranının kəndisi ilə münasibətdən mən edildiyini, sərvət və samanının yağmaya getdiyini, ədəb və əxlaqi-milliyyəsinin fəna surətdə təhqirə məruz qaldığını duyunca, bittəb xalq təhəmmül edəmədi. Üsyan etdi. Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər. Üsyan bir həftə qədər davam etdi. Ruslar burada divizyonlarını qeyb etdilər. Bakıdan qüvayi-imdadiyyə gəldi. Digər tərəfdən də Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca şəhər süqut etmək məcburiyyətində bulundu. Xətti-ricətləri daşğın nəhrlə kəsilən əhali müdhiş bir qətli-ama məruz qaldı. Şəhər yaxıldı. Bazar qarət edildi. Hətk edilmədən irz və namus buraxılmadı”.


Digər xəbərlər


Ərdoğandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

“İllərdir Fələstində, xüsusən də Qüdsdə davam edən və Ramazan ayının son günlərində daha da şiddətlənən hücumlar səbəbiylə bayrama kədərli bir şə...

Rəsmi Bakıdan Ermənistana — Çağırış

“Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə ed...

Paşinyan-Lavrov görüşü başlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb. Bu barədə Rusiya Xarici İşlə...

Türkiyə XİN: Latviya parlamentinin «erməni soyqırımı» ilə bağlı qərarını şiddətlə qınayır və rədd edirik

«Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini «soyqırımı» kimi tanıyan qərar tarixin siyasi motivlərlə yenidən ya...

Bayden və Putin Bakıda görüşə bilər

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin görüşü Azərbaycanda baş tuta bilər. Bu barədə ABŞ-ın nüfuzlu “Politico” nəşri məlumat...

Hulusi Akardan Liviya səfərində Azərbaycana dəstək

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar rəsmi səfərdə olduğu Liviyada Azərbaycanın Qarabağ zəfərindən danışıb. Bu barədə “Hürriyet” məlumat y...

Bu gün deputatlar 11 məsələ barədə qərar verəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Kanal8-in məlumatına görə, iclasın gündəliyinə aşağıdakı daxildir: «Dini etiqad az...

Hulusi Akar Liviyaya getdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyaya səfərə gedib. Onu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gü...