İyun 29, 2020

XİN: Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə dəstəyi təmin edilib

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi ilə bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən açıqlama verildi”.

Kanal8 xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib.

“Məlum olduğu kimi, BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü dövlət başçımız tərəfindən 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı irəli sürülmüşdü. Təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu daxilində müzakirə edilmiş və Hərəkata üzv olan 120 ölkə yekdilliklə Azərbaycan Respublikası Prezidentinin təklifini dəstəkləyərək təklifin BMT Baş Katibinə Hərəkat adından təqdim edilməsinə razılıq bildirmişlər. Beləliklə də, cari ilin 13 may tarixində Azərbaycan Prezidenti QH-nin sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş Katibinə məktubla müraciət edərək Baş Assambleyanın xüsusi sessiyasının çağırılması müraciətini etdi.

BMT Baş Katibi, öz növbəsində BMT üzv dövlətləri arasında təmimi nota yayaraq prosedur qaydalarına uyğun olaraq Azərbaycan Prezidentinin bu təşəbbüsünə 30 gün ərzində hər bir dövlət tərəfindən milli qisimdə dəstək bildirilməsini xahiş etdi.

Qeyd olunan vaxt çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Nyu-Yorkda BMT yanındakı nümayəndəliyimiz, eləcə də xaricdəki digər diplomatik nümayəndəliklərimiz akkreditə olunduqları dövlətlərdə Azərbaycan Prezidentinin təşəbbüsü barədə məlumatlandırma üzrə fəal iş aparmış və nəticədə BMT üzv dövlətlərinin 2/3-dən çoxunun təşəbbüsə dəstəyi təmin edilmişdir.

Təşəbbüsün əhəmiyyəti ilə bağlı konkret sualınıza gəldikdə, hazırda bütün dünyanın qlobal pandemiya ilə mübarizə apardığı bir vaxtda bu qlobal bəla ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi yüksək əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə Azərbaycan Prezidentinin təşəbbüsü ilə sədrlik etdiyimiz iki beynəlxalq təşkilat çərçivəsində (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı) yeni koronovirusla mübarizə mövzusunda yüksək səviyyəli toplantıların keçirilmiş və qlobal pandemiya ilə mübarizə və təsirlərinin azaldılması üçün beynəlxalq əməkdaşlıq, əlaqələndirmə və həmrəylik məsələləri müzakirə edilmişdir. Bu mövzunun BMT Baş Assambleyası çərçivəsində yüksək səviyyədə müzakirəsi, əlbəttə dünyanın üzləşdiyi sağlamlıq böhranının nəticələrinin yumşaldılması və aradan qaldırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi və nəticədə dünyada sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərinə ciddi töhfə verəcək.

Qeyd etdiyimiz kimi, BMT Baş Assambleyasının Prosedur Qaydalarının 9(a) bəndinə uyğun olaraq Assambleyanın xüsusi sessiyası çağırıla bilər və Azərbaycan Prezidentinin QH-nin sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş Katibinə məktub ünvanlaması, eləcə də Baş Katibin üzv ölkələrə milli qisimdə dəstək bildirilməsi ilə bağlı müraciəti də məhz bu proseduraya uyğun olaraq həyata keçirildi. Qaydalara əsasən, Baş Assambleyanın üzvlərinin sadə çoxluğunun dəstəyi sessiyanın çağırılması üçün kifayət idi. Azərbaycan Prezidentinin təşəbbüsünə isə BMT-nin 130 ölkəsi, yəni üzvlərin 2/3-i tərəfindən milli qisimdə dəstək ifadə olundu. Onu da bildirmək istərdim ki, Azərbaycan Prezidentinin təşəbbüsünə nəinki Qoşulmama Hərəkatına üzv dövlətlər, eləcə də Avropanın əksər dövlətləri, o cümlədən Avropa İttifaqı üzvləri, Asiya, Afrika, Latın Amerikası regionlarının aparıcı dövlətləri dəstək bildirmişlər.

Təşəbbüsün əleyhinə çıxan ölkənin olub olmadığı ilə maraqlandınız. Belə ölkə olub, adını isə yəqin ki, təxmin edirsiniz – Ermənistan. Bu ölkənin BMT yanındakı nümayəndəliyi Baş Katibə məktubla müraciət edərək bu təşəbbüsün həyata keçirilməsinə lüzum görmədiyini bildirib. Dünyanın qlobal pandemiya ilə üz-üzə olduğu, bütün ölkələrin bu məsələdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa ehtiyac duyduğu bir vaxtda, Ermənistanın bu mövzuda yüksək səviyyəli iclasın keçirilməsinin əleyhinə çıxış etməsinin əsas səbəbi, əlbəttə, bu təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsi ilə əlaqədardır. Fikir verin, bu ölkə dünyamızın üzləşdiyi belə bir çətin zamanda, ən ali dəyər olan insan sağlamlığı məsələsinin beynəlxalq platformada müzakirəsinə dəstək vermir. Beləliklə də, təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək özü-özünü ifşa etdi.

Məlum məsələdir ki, Azərbaycan Prezidentinin bu təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisidir. Fürsətdə istifadə edərək, bu təşəbbüsü dəstəkləyən hər bir ölkəyə bir daha təşəkkür edirik.

Növbəti mərhələdə atılacaq addımlara gəldikdə, yaxın günlərdə BMT Baş Katibi Antonio Quterreş üzv dövlətlər arasında məlumat yayaraq Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə verilən dəstək və prosedur baxımdan növbəti addımların nədən ibarət olacağını açıqlamalıdır. Prosedura qaydalarına əsasən, növbəti tədbir BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı Assambleyanın qətnaməsinin qəbul edilməsidir. Qətnamə qəbul edildikdən sonra ən qısa müddətdə xüsusi sessiya çağırılmalıdır.

Qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin təklifinə əsasən xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında keçirilməsi nəzərdə tutulur.

Ümid edirik ki, müvafiq addımlar atıldıqdan sonra mümkün qədər tez bir zamanda xüsusi sessiya təşkil olunacaqdır. İnanırıq ki, xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcəkdir.

Azərbaycan dövlət başçısının irəli sürdüyü bu təşəbbüs beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur və bu təşəbbüsü dəstəkləyən hər bir ölkə Covid-19 ilə mübarizədə maraqlı olan ölkədir. Ölkəmiz bu təşəbbüsü dəstəkləyən bütün dövlətlərlə birlikdə onun reallaşdırılması istiqamətində işləyəcək”, – deyə XİN rəsmisi bildirib.


Digər xəbərlər


Putin və Ərdoğan Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər

Sentyabrın 29-da Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin görüş zamanı ticari-iqtisadi tərəfdaşlıq məsələlərini, Sur...

Azərbaycan XİN rəhbəri həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri ilə görüşüb

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov...

Ceyhun Bayramov BMT rəsmisini Ermənistanın xarici terrorçulardan istifadə etməsi barədə məlumatlandırıb

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimi...

Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdul...

Azərbaycan və Finlandiya XİN başçıları arasında görüş olub

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Olav...

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyə...

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Kanal8-in əldə etdiyi məlumata görə, sentyabrın 30-da keç...

Azərbaycan, Türkiyə və İran XİN başçıları görüşəcək

Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib. BMT...