Fevral 12, 2025

Magistraturaya qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ

Fevralın 16-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçiriləcək.

Bu barədə Kanal8-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunacaq.

Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın. Cavab kartını zədələmək vә cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.

İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 13‑dən 27-dək aparılıb. İmtahanda iştirak etmək üçün 21926 bakalavr ərizə təqdim edib. Onlardan 20057 nəfər Azərbaycan bölməsi, 1869 nəfər rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 14017-si cari ilin, 7909-u isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 62, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 15960, Naxçıvanda 540, Gəncədə 1458, Sumqayıtda 1627, Abşeronda 1078, Mingəçevirdə 838, Lənkəranda 425 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 85 ümumi rəhbər, 241 imtahan rəhbəri, 1989 nəzarətçi, 294 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar fevralın 6-dan etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

– Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

– “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 15-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.


Digər xəbərlər


“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...

Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...

Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...

Qəzalı binalara dair müşavirə keçirilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək

Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...

Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...